ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
Səudiyyə Ərəbistanı son zamanlar Asiya ölkələri ilə problemləri bir kənara qoyaraq qitə ölkələri ilə münasibətləri normallaşdırır. Çinin vasitəçiliyi ilə İranla razılığa gələn Ər-Riyad indi Suriya ilə diplomatik əlaqələrini yaxşılaşdırmaq üçün addımlar atır. ABŞ və Çin arasındakı rəqabət qlobal enerji resurslarının böyük hissəsinə ev sahibliyi edən Yaxın Şərq regionunu yeni təsir mübarizəsi səhnəsinə çevirir.
ABŞ-ın Çini “ən mühüm uzunmüddətli təhdid” kimi qələmə verdiyi və qlobal strategiyasında çəkisini Asiya-Sakit Okean regionuna yönəltdiyi bir vaxtda Pekin administrasiyası da ABŞ-ın uzun illərdir regional inkişafları formalaşdıran aktor olduğu Yaxın Şərqdə də təsirini artırır. Yaxın Şərqdən çəkilən ABŞ bölgəni Çinə buraxır. Bölgə ölkələri Pekin administrasiyası ilə strateji tərəfdaşlıq əlaqələri qurur. Səudiyyə Ərəbistanı da bu ölkələrdən biridir.
Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən böyük ölkəsidir və böyük neft və təbii qaz ehtiyatlarına malikdir. Ər-Riyad Rusiya ilə birlikdə dünya neftinin təxminən yarısını istehsal edən OPEC+ qrupunun faktiki lideridir. İqtisadi artımını qorumaq üçün kifayət qədər neft və təbii qaz ehtiyatlarına malik olmayan Çin dünyanın ən böyük enerji idxalçısıdır. Bu, Çin və Səudiyyə Ərəbistanını bir-birinə daha da yaxınlaşdırır. Səudiyyə Ərəbistanı məhsullarının idxalı Çinin qlobal bazarlar üçün istehsalının əhəmiyyətli bir hissəsini təşkil edir. Ər-Riyadın Pekindən idxalı isə Səudiyyə Ərəbistanının iqtisadi və sosial inkişafa artan ehtiyacını ödəməyə kömək edir.
ABŞ-ın Səudiyyə Ərəbistanı ilə gərginliyi azaltmaq cəhdləri heç bir nəticə verməyib. Səudiyyəlilər Vaşinqtonun neft tələblərindən asılı olmayan bir şəkildə hərəkət etməyə davam edirlər. Ötən il Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanını Rusiyaya yardım etməkdə ittiham edib və səbəb olaraq qeyd edib ki, OPEC+ qrupunun tədarükləri azaltmaq qərarı neft qiymətlərini artıracaq. İki müttəfiq arasında münasibətlər neft səbəbindən xeyli gərginləşib.
Vaşinqton və Ər-Riyad arasında münasibətlər jurnalist Camal Qaşıqçının qətli və Səudiyyə Ərəbistanının insan haqları ilə bağlı vəziyyətinə görə problemli olub. İki ölkə arasında münasibətlər Rusiya-Ukrayna müharibəsindən sonra neft hasilatının azalması ilə gərginləşib. Ər-Riyad administrasiyası ilə Pekin arasında əlaqələr möhkəmlənib.
Səudiyyə Ərəbistanı Qərb mediası tərəfindən “anti-qərbçilərin görüş yeri” kimi təsvir edilən Şanxay Əməkdaşlıq Təşkilatına dialoq partnyoru kimi daxil olub. Bundan başqa, Səudiyyə Ərəbistanı da Çinə satdığı neftin bir hissəsini yuanla qiymətləndirmək üçün Pekinlə danışıqlar aparır.
Səudiyyə Ərəbistanı və Rusiya əməkdaşlığı artırır
Çinlə getdikcə yaxınlaşan Səudiyyə Ərəbistanı rəhbərliyi Pekinin ən böyük müttəfiqi olan Rusiya ilə də münasibətləri inkişaf etdirir. ABŞ ilə illərdir hərbi sahədə müqavilələr bağlayan Səudiyyə Ərəbistanı yolunu Rusiyaya çevirir.
Rusiya və Səudiyyə Ərəbistanı 2021-ci ildə Rusiyada keçirilən “Ordu-2021” Müdafiə Sənayesi Sərgisində hərbi əməkdaşlıq sazişi imzalayıb. O zaman Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini olan şahzadə Xalid Bin Salman əl-Səud sosial şəbəkədə verdiyi açıqlamada bildirib: “Krallıq və Rusiya arasında müdafiə və hərbi əməkdaşlığımızı yaxşılaşdırmaq üçün saziş imzaladım. Biz, həmçinin regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsində qarşılaşdığımız çətinlikləri nəzərdən keçirdik”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qarşılıqlı maraqları vurğulayaraq qeyd edib: “Biz hərbi-texniki məsələlərdə qarşılıqlı maraq doğuran məsələləri inkişaf etdirməyi hədəfləyirik”. Razılaşmanın təfərrüatları paylaşılmasa da, Səudiyyə Ərəbistanının S-400 Hava Hücumundan Müdafiə Sistemi və “Su-35” döyüş təyyarələri ilə yaxından maraqlandığı daha əvvəl dəfələrlə bildirilmişdi.
Səudiyyə Ərəbistanı regional rəqibi ilə münasibətləri normallaşdırır
İstiqamətini Avropadan Asiyaya çevirən Ər-Riyad rəhbərliyi qitə ölkələri ilə də normallaşma istiqamətində addımlar atır. Ötən ay Səudiyyə Ərəbistanı və İran rəsmiləri 7 illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəliblər. İki ölkə arasında diplomatik əlaqələr 2016-cı ildə Səudiyyə Ərəbistanının şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 50-yə yaxın adamı edam etməsindən sonra baş verən hadisələrə görə kəsilib.
Tehranda etirazçılar Səudiyyə Ərəbistanı səfirliyinə hücum ediblər. İranın ali lideri Ayətullah Əli Xamneyi Nimrin edamına görə ilahi qisas alacağını vəd edib. Həmin vaxt Tehran administrasiyası hücumu pisləsə də, günahkarların cəzalandırılacağını bildirsə də, Ər-Riyad birtərəfli qaydada diplomatik əlaqələri kəsib. Bu diplomatik qarşıdurma zamanla regional ağalıq uğrunda mübarizəyə çevrilib.
Səudiyyə Ərəbistanı və İran bəzi ölkələrdə, xüsusən də Bəhreyn, Yəmən və Suriyada dəstəklədikləri qruplar üzərindən bir-birinə qarşı vəkalət müharibələri aparıb. Ötən ay Pekin administrasiyası iki ölkə arasında vasitəçi kimi çıxış edib. Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması üçün martın 6-da Çinin paytaxtı Pekində danışıqlara başlayan İran və Səudiyyə Ərəbistanının yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Çin rəsmiləri vasitəsilə razılığa gəliblər. Razılaşma İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması ilə bağlı razılığa gəlib. Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, aprelin 6-da Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Faysal bin Ferhan arasında görüş keçirilib.
Çinin xarici işlər naziri Qin Qanqın moderatorluğu ilə keçirilən görüşdən sonra bəyanat yayımlanıb. İki nazir Səudiyyə Ərəbistanı ilə İran arasında uçuşların bərpası, viza proseslərinin, xüsusilə də Ümrə vizalarının asanlaşdırılması və iki ölkədə səfirliklərin açılması, həmçinin Ciddə və Məşhəd şəhərlərində konsulluqların açılması barədə razılığa gəliblər. Ər-Riyad və Tehran da 2001-ci ildə imzaladıqları təhlükəsizlik sazişini və 1998-ci ildə imzalanmış ticarət, iqtisadiyyat və investisiya sazişini yenidən aktivləşdirmək qərarına gəliblər.
Dəməşq-Suriya xəttində müsbət inkişaflar yaşanır
İranla diplomatik münasibətləri bərpa edən Səudiyyə Ərəbistanı Dəməşqlə də münasibətləri normallaşdırır. Uzun müddətdir ikitərəfli münasibətləri pozulan və diplomatik danışıqlar aparmayan Səudiyyə Ərəbistanı ilə Suriya arasında buzlar əriyir.
Ötən həftələrdə illər sonra Suriya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün ilk addım atılıb və Suriyanın xarici işlər naziri Faysal Miqdad Ciddəyə səfər edib. Suriya və Səudiyyə Ərəbistanının verdiyi ortaq bəyanatda görüşlərdə Suriyanın ərəb dünyasındakı diplomatik təcridinə son qoymağa çalışıldığı bildirilib.
Açıqlamada iki ölkə arasında konsulluq xidmətlərinin və uçuşların yenidən başlaması üçün addımların atılacağı qeyd edilib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhanın fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Suriyanın təcrid olunmasının nəticə vermədiyi barədə açıqlaması Ər-Riyadın yanaşmasında mühüm qırılma kimi şərh edilib.
Fevralın 6-da baş verən zəlzələlər də iki ölkə arasında normallaşma prosesini sürətləndirib. İki ölkə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və Suriyanın Ərəb Liqasına qayıtmasını asanlaşdırmaq üçün əməkdaşlıq etmək barədə razılığa gəlib. Aprelin 18-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan Suriyanın paytaxtı Dəməşqə səfər edib və Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada görüşdə “Suriyanın ərazi bütövlüyünü, ərəb kimliyini, etimad və sabitliyini qoruyub saxlamaq üçün Suriyadakı böhranın siyasi həlli istiqamətində görülən səylərin” müzakirə edildiyi bildirilib. Qeyd olunub ki, Bəşər Əsəd nazir Faysal Bin Ferhan ilə görüşündə Suriya böhranının bütün əks-sədalarına son qoyacaq hərtərəfli siyasi həllin addımlarını müzakirə edib.
Açıqlamada sözügedən hərtərəfli siyasi həllin “ölkənin milli maraqlarını təmin etmək, Suriyanı ərəb oxuna qaytarmaq və ərəb bölgəsindəki təbii rolunu bərpa etmək” məqsədi daşıdığına diqqət çəkilib. Səudiyyə Ərəbistanı neftdən asılı olan iqtisadiyyatını yenidən formalaşdırmaq və gəlirləri şaxələndirmək niyyətindədir.
Ər-Riyad administrasiyası turizm və xarici sərmayələri cəlb etməklə neftdən asılı iqtisadiyyatı şaxələndirməyi, ölkəni qlobal biznes və mədəniyyət mərkəzinə çevirməyi hədəfləyir. Regional münaqişələrin sakitləşdirilməsi bu məqsəd üçün əsas yer tutsa da, bu, həm də Ər-Riyadı ABŞ-dan daha az asılı etmək istəyindən irəli gəlir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Asiya ölkələri ilə yaşadığı problemləri bir kənara qoyaraq bu ölkələrlə münasibətləri normallaşdırır.
ABŞ-ın Səudiyyə Ərəbistanı üzərindəki hegemonluğu aşağı düşür. Çinlə uzunmüddətli strateji tərəfdaşlıq quran Ər-Riyad rəhbərliyi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) da tamhüquqlu üzv olmağa hazırlaşır. Ər-Riyadın ŞƏT-ə tamhüquqlu üzvlüyü Səudiyyə Ərəbistanını Asiya ilə yaxınlaşdıracaq. Səudiyyə Ərəbistanı ilə ŞƏT arasında müxtəlif məsələlər, xüsusilə iqtisadi, müdafiə və mədəniyyət sahələrində əməkdaşlıq imkanları araşdırılacaq. Vaşinqtonla Ər-Riyad arasındakı böhran daha da pisləşəcək. ABŞ-ın təhlükəsizlik narahatlıqları artacaq.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
-
ABŞ Çin-Rusiya tandeminə qarşı Liminal Müharibəyə hazırdır?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı